Sabitlik (#4802)

Mən Sənin Adını ucaldıram, Ey mənim Allahım və Sənə şükr edirəm, Ey mənim Arzum, çünki Sənin doğru yolunu tapmağa məni qadir etdin, Öz Böyük Müjdəni mənim gözlərim qarşısında izhar etdin və üzümü Sənin Vəhyinin Məşriqinə və Əmrinin Mənbəyinə tutmaqda kömək etdin, o zaman ki, Sənin bəndələrin və xalqların Səndən üz çevirmişdi. Səni and verirəm, Ey əbədiyyət Mələkutunun Rəbbi, Sənin Şərəf Qələminin güclü səsinə, Sənin yaşıl Ağacında Şölələnib Yanan Oda və Sənin xüsusi olaraq Bəha əhli üçün seçdiyin Gəmiyə - lütf eylə ki, Sənə olan məhəbbətimdə mən səbatlı qalım, Kitabında mənim üçün yazdığın hər hansı qismətə qane olum, Sənin və Sənin sevimlilərinin xidmətində möhkəm durum. Sonra Öz bəndələrinə mərhəmətlə yardım eylə ki, Ey mənim Allahım, Sənin Əmrini ucaltmağa xidmət edən işlər görsünlər və Sənin Kitabında nazil etdiklərinə riayət etməyə qadir edən əməl sahibi olsunlar.

Həqiqətən, Sən Qüdrət Sahibisən, istədiyini hökm etməyə Qadirsən və bütün yaranmışların cilovunu Öz ovcunda tutursan. Səndən başqa Allah yoxdur, Sən Qüvvətli, Hər Şeyi Bilən və Hikmət Sahibisən.

-Bahá'u'lláh
-----------------------

Sabitlik (#4803)

Alqış Sənin Adına, Ya Rəbb, mənim Allahım! Səni and verirəm bütün yaranmışları bürüyən qüdrətinə, mövcudat üzərindəki hökmranlığına, hikmətinlə gizli saxladığın, vasitəsilə göyünü və yerini yaratdığın Kəlmənə, bizi qadir eylə ki, Sənə olan məhəbbətimizdə və Sənin razılığına itaətimizdə möhkəm olaq, nəzərlərimizi Sənin üzünə dikək və Sənin tərifini ucaldaq. Bizi gücləndir ki, Ey mənim Allahım, məxluqatın arasında Sənin əlamətlərini yayaq və səltənətində Sənin Dinini qoruyaq. Sən əzəldən yaratdıqlarının zikrindən asılı olmadan var olmusan və əbədiyyətədək də olduğun kimi qalacaqsan.

Bütün inamımı Sənə bağlamışam, üzümü Sənə çevirmişəm, Sənin inayət ipindən yapışmışam və Sənin mərhəmət kölgənə tələsmişəm. Məni məyus halda qapından qovma, Ey mənim Allahım və Öz lütfünü məndən əsirgəmə, çünki mən təkcə Səni axtarıram. Səndən başqa Allah yoxdur, Sən Həmişə Bağışlayan, Ən Kəramətlisən.

Alqış Sənə, Ey Səni tanıyanların Məhbubu!

-Bahá'u'lláh
-----------------------

Sabitlik (#4804)

Sən Ey yaxınlığı muradım, vüsalı ümidim, zikri diləyim, əzəmət dərgahı məqsədim, məkanı mətləbim, adı dərmanım, məhəbbəti könlümün nuru, xidmətində durmaq ən yüksək arzum! And verirəm Sənin o Adına ki, Sən onunla Səni tanıyanları Öz irfanının ən yüksək zirvələrinə uçurdun və sədaqətlə Sənə sitayiş edənləri müqəddəs lütflərinin sarayına yüksəlmələrinə yardım etdin - kömək eylə, üzümü Sənin üzünə çevirim, gözlərimi Sənə dikim və Sənin cəlalını vəsf edim.

Mən o kəsəm ki, İlahi, Səndən başqa hər şeyi unudub, Sənin fəzlinin Məşriqinə yönəlib, Sənin dərgahına yaxınlaşmaq ümidi ilə hər şeyi tərk edib. İndi mənə nəzər sal, Sənin üzünün nurunun şəfəqləri ilə parıldayan Taxta üz tutmuşam. Ey mənim Məhbubum, məni Sənin Əmrində möhkəmlədən şeyləri nazil eylə ki, imansızların şübhələri Sənə dönməkdən məni saxlamasın.

Sən, həqiqətən, Qadir Allahsan, Əzəmətli, Ən Cəllalı, Qüdrətlisən.

-Bahá'u'lláh
-----------------------

Sabitlik (#4805)

Ey Allah, mənim Allahım! Günahlarımı etiraf edərək peşimançılıqla Sənə üz tutdum və həqiqətən, Sən Əfv Edən, Şəfqətlisən.

Ey Allah, mənim Allahım! Mən Sənə döndüm və həqiqətən, Sən həmişə Bağışlayan, Fəzl Sahibisən.

Ey Allah, mənim Allahım! Mən Sənin kəramət ipindən yapışdım, yerdə və göydə olanların xəzinələri Sənin yanındadır.

Ey Allah, mənim Allahım! Mən Sənə doğru tələsdim və həqiqitən, Sən Bağışlayan, bol Fəzl Sahibisən.

Ey Allah, mənim Allahım! Mən Sənin fəzilinin səmavi şərabına susamışam, həqiqətən, Sən Verici, Kəramətli, Fəzil Sahibi, Qüdrətlisən.

Ey Allah, mənim Allahım! Şəhadət verirəm, Sən Öz Əmrini izhar etdin, Vədini yerinə yetirdin, fəzlinin səmasından onu nazil etdin ki, Sənin sevimli bəndələrinin ürəyini Sənə cəzb etdi. Xoş o kəsin halına ki, Sənin möhkəm ipindən bərk yapışdı və Sənin nurlu ətəyindən tutdu!

Səni and verirəm, ey bütün varlığın Rəbbi, görünən və görüməyənlərin Sultanı, Sənin qüdrətinə, əzəmətinə və hökmranlığına - izn ver, mənim adım Sənin şərəf qələminlə Sənin sadiq bəndələrin arasında yazılsın, o kəslər ki, günahkarların namələri onların Sənin üzünün nurlarına üz tutmasına mane ola bilmədi, Sən Ey duanı Eşidən və cavab Verən Allah!

-Bahá'u'lláh
-----------------------

Sabitlik (#4806)

Alqış Sənə, Ya Rəbb, mənim Allahım! Səni and verirəm O Kəsə ki, Sənin Ən Böyük Adındır, O Kəs ki, Sənin həqiqətini inkar edənlərin əlindən cəfalara məruz qalıb və O Kəs ki, bəyana sığmayacaq sıxıntılarla əhatə olunub, hamının Sənin Gözəlliyindən üz çevirdiyi, Sənə etriaz etdiyi və Sənin Əmrini İzhar Edən Kəsə xor baxıb üz döndərdiyi bu günlərdə izn ver, Səni anım, Sənin tərifini ucaldım. Sənin Özündən başqa bir kimsə yoxdur ki, İlahi, Sənə kömək etsin, Öz qüvvəndən başqa bir qüvvə yoxdur ki, Sənə yardım etsin.

Yalvarıram Sənə, məni qadir eylə ki, Sənin məhəbbətindən və zikrindən möhkəm yapışım. Gücüm yetən, həqiqətən, yalnız budur və Sən O Kəssən ki, məndə olan hər şeyi bilirsən. Sən, həqiqətən, hər şeyi Bilən və hər şeydən Xəbərdarsan. İlahi, Sənin şəfəqi bütün dünyanı işıqlandıran üzünün nurunun parıltısından məni məhrum etmə. Səndən başqa Allah yoxdur, Ən Qüdrətli, Ən Cəlallı və Həmişə Bağışlayan.

-Bahá'u'lláh
-----------------------

Sabitlik (#4807)

Təriflər olsun Sənə, Ya Rəbb, mənim Məhbubum! Əmrində məni sabit eylə, məni Əhdini pozmayan və öz şəkk-şübhə bütlərinin arxasınca getməyənlərin arasında say. Sonra məni qadir eylə ki, Sənin hüzurunda həqiqət taxtına çatım, Öz mərhəmət nişanələrini mənə əta eylə və qoy Sənin o bəndələrinə qoşulum ki, nə qorxu bilərlər, nə də qəmə düşərlər. Məni öz nəfsimin ixtiyarına buraxma, İlahi və Sənin Özünün Zühurun Olan Kəsi tanımaqdan mərhum etmə. Sənin müqəddəs hüzurundan üz döndərənlərin sırasına yazma, məni o kəslərin arasında say ki, Ey mənim Allahım, nəzərlərini Sənin Camalına dikməklə şərəflənmişlər və bundan elə həzz alırlar ki, bunun bir anını belə göylərin və yerin səltənətinə və ya bütün mövcudata dəyişməzlər. Ya Rəbb, yer üzü insanlarının bədbəxtcəsinə yollarını azdığı bu günlərdə mənə rəhm eylə, sonra, Ey mənim Allahım, nəzərində yaxşı və layiqli olanları mənə qismət eylə. Sən, həqiqətən, Ən Qüdrətli, Fəzl Sahibi, Kəramətli, həmişə Bağışlayansan.

Ey mənim Allahım, məni o kəslərdən sayma ki, qulaqları kar, gözləri kor, dilləri laldır və qəlbləri anlamağa qadir deyil. Ya Rəbb, məni cəhalət odundan və xudbinlik ehtirasından qurtar, yüksək mərhəmətinin fəzasına daxil eylə və seçilmişlərinə nəsib etdiklərini mənə də bəxş eylə.

Sən istdəyini etməyə Qadirsən. Həqiqətən, Sən Əzəmətli və Qəyyumsan.

-The Báb
-----------------------

Sabitlik (#4808)

Alqış və təriflər olsun Sənə, Ey Allah! Sənin müqəddəs hüzuruna yetişmək gününü tez yaxınlaşdır. Öz məhəbbətinin və razılığının qüdrəti ilə qəlblərimizi sevindir və bizə sabitlik bəxş eylə ki, Sənin İradənə və Sənin Hökmünə razılıqla tabe olaq. Həqiqətən, Sənin elmin yaratdığın və yaradacağın bütün şeyləri əhatə edir və Sənin İlahi qüdrətin xəlq etdiyin və ya edəcəyin hər şeyin fövqündədir. Səndən başqa pərəstiş olunan, Səndən başqa məqsud, Səndən qeyri məbud, Sənin razılığından özgə seviləcək bir şey yoxdur.

Həqiqətən, Sən Ali Hökmdar, Haqq Sultanı, Əzəmətli və Qəyyumsan

-The Báb
-----------------------

Sabitlik (#4809)

Ya Rəbb, mənim Allahım! Sevimlilərinə Öz Dinində mətin olmaqda, Sənin yolunda getməkdə, Əmrində sabit olmaqda yardım eylə. Onlara Öz fəzlini əta eylə ki, nəfs və ehtirasın hücumlarına müqavimət göstərsinlər, İlahi hidayət nurunun arxasınca getsinlər. Sən Qüvvətli, Səxavətli, Qəyyum, Bəxşedən, Şəfqətli, Qüdrətli və Kəramətlisən.

-`Abdu'l-Bahá
-----------------------

Sabitlik (#4810)

Sən Ey mənim Allahım, Ey axtaranları doğru yola Yönəldən, Ey sərgərdanları və korları həlakolma biyabanından Xilas Edən, Sən Ey səmimi olanlara böyük bəxşişlər və nemət Əta Edən, Ey qorxudulmuşları Öz alınmaz sığınacağında Qoruyan, Səni göz yaşları içində çağıranlara Öz uca üfüqündən Cavab Verən. Həmd olsun Sənə, Ya Rəbb! Sən azdırılmışları imansızlığın ölüm səhrasından dogru yola yönəltdin, Sənə yaxın olanları səfərlərinin mənzilinə yetirdin, bəndələrin arasında yəqinliyə çatanları ən böyük arzularına qovuşdurmaqla sevindirdin və Gözəllik Səltənətindən Sənin həsrətini çəkənlərin üzünə vüsal qapılarını açdın və onları məhrumiyyət və binəsiblik odundan xilas etdin - belə ki, onlar Sənə dogru tələsdilər, Sənin hüzuruna yetişdilər, Sənin qonaqpərvər qapına çatdılar və bol-bol bəxşişlər aldılar.

Ya Rəbb, onlar susamış idilər, Sən onların qurumuş dodaqlarına vüsal suyunu yaxınlaşdırdın. Ey Nəvazişli, Ey Ətaedən! Sən kərəm və fəzl məlhəminlə onların ağrısını sakitləşdirdin, Öz şəfqətinin kəsərli dərmanı ilə onların xəstəliyini sağaltdın. İlahi, onların qədəmlərini doğru yolda möhkəm eylə, onlar üçün iynə gözünü genişləndir və şahanə libasa bürünmüş halda əbədi olaraq şərəf haləsi içində gəzmələrinə imkan ver.

Həqiqətən, Sən Səxavətli, həmişə Bəxşedən, Əziz, Ən Kərimsən.

Səndən başqa Allah yoxdur, Qüdrətli, Qüvvətli, Uca və Qabiliyyətli.

-`Abdu'l-Bahá
-----------------------

